Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
- 26 oktyabr, 2026
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreya və ABŞ-nin Hərbi Hava Qüvvələri Koreya yarımadasının cənubunda "Freedom Flag" birgə təlimlərinə başlayıb.
"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, təlimlər oktyabrın 26-dan noyabrın 6-dək "Kunsan" aviabazasında keçirilir.
Cənubi Koreya tərəfi "F-15K", "KF-16" və "F-35A" qırıcılarını, "KC-330" yanacaqdoldurma təyyarəsini, həmçinin "E-737" uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsini cəlb edib.
ABŞ tərəfindən manevrlərdə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun bölmələri iştirak edir. Amerika hərbçiləri "F-16" və "F-35B" qırıcılarını, "RC-135" kəşfiyyat təyyarəsini, "MH-60S Seahawk" helikopterlərini və "MQ-9 Reaper" pilotsuz uçuş aparatlarını cəlb ediblər.
"Freedom Flag" təlimləri ildə iki dəfə keçirilir və iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının və fəaliyyətlərinin uzlaşmasının yüksəldilməsinə yönəlib.
Manevrlər zamanı hərbi qulluqçular müdafiə əməliyyatlarını, o cümlədən şərti düşmən aviasiyasının ələ keçirilməsini məşq edəcəklər. Proqram həmçinin Cənubi Koreya və ABŞ pilotları arasında təcrübə mübadiləsini nəzərdə tutur.