BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
- 16 oktyabr, 2026
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Birləşmiş Millətlər Təşkilatının (BMT) müasir reallıqlara cavab verməsi üçün islahatlara heç vaxt olmadığı qədər ehtiyacı var.
"Report" xəbər verir ki, bunu Qayananın BMT-dəki daimi nümayəndəsi, təşkilatın baş katibi postuna namizəd Karolin Rodriqes-Birket Vaşinqtonda çıxışı zamanı bildirib.
"BMT-də diqqət tamamilə ədalətli olaraq islahatlara yönəlib. Mənim fikrimcə, dəyişikliklərə çağırış heç vaxt bu qədər israrla səslənməmişdi", - o vurğulayıb.
Rodriqes-Birket 1945-ci ildə yaradılmış strukturların 2026-cı ilin reallıqlarına nə dərəcədə uyğun olduğu barədə düşünməyi təklif edib.
Onun sözlərinə görə, təkcə BMT Təhlükəsizlik Şurası deyil, həm də təşkilatın sayı 35-dən çox olan çoxsaylı agentlikləri, fondları və proqramları islahat tələb edir.
"Onlar bugünkü tələblərə cavab verirmi? Bilavasitə yerlərdə daha səmərəli işləmək üçün funksiyaların təkrarlanmasını azalda və ya tamamilə aradan qaldıra bilərikmi?" - diplomat qeyd edib.
O dəqiqləşdirib ki, Təhlükəsizlik Şurasında islahatların aparılması üzv dövlətlərin səlahiyyətindədir, baş katib isə bilavasitə BMT Katibliyinin yenidən qurulması ilə məşğul ola bilər.
Rodriqes-Birket katibliyin səmərəliliyinin artırılmasının və onun üzv dövlətlərlə qarşılıqlı əlaqəsinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
"BMT-nin yaranmasının 100 illiyinə 19 il qalır və indi təşkilatda islahat aparmaq, onu yenidən qurmaq üçün ən münasib vaxtdır", - o yekunlaşdırıb.