AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
- 17 oktyabr, 2026
- 02:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqının (Aİ) liderləri Avropa Komissiyasına (AK) Ukraynanın 2027-ci ildə 70 milyard avro dəyərində əlavə maliyyə ehtiyaclarını ödəmək üçün konkret təkliflər hazırlamağı tapşırıblar.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Brüsseldə Aİ sammitindən sonra Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, bu, Aİ liderlərinin Ukrayna Prezidenti Volodimir Zelenskini dinlədikdən sonra edilib.
"Biz dərhal razılığa gəldik ki, Ukraynanın 2027-ci ildə əlavə maliyyə ehtiyacları ödənilməlidir, Avropa Komissiyasından müzakirə və təsdiq üçün konkret təklif təqdim olunmasını xahiş etdik", - Koşta bildirib.
Ursula fon der Lyayen izah edib ki, əvvəllər təsdiqlənmiş 90 milyard avroluq dəstək krediti Ukraynaya lazımi büdcə və müdafiə xərclərinin üçdə ikisini əhatə edir. Bu məbləğin 45 milyard avrosunun 2026-cı ildə, yarısının isə gələcəkdə ayrılması planlaşdırılır.
Onun sözlərinə görə, Ukraynanın 2026-cı il üçün maliyyələşdirmə ehtiyacları artıq ödənilib, lakin 2027-ci il üçün 70 milyard avroluq boşluq qalır.
"İndi aydındır ki, ödənilməli olan 70 milyard avroluq çatışmazlıq var", - fon der Lyayen bildirib.
O, əlavə edib ki, lazımi vəsaitin bir hissəsi Ukraynanın beynəlxalq tərəfdaşlarından gəlməlidir.
Koşta həmçinin Kiyevə davamlı dəstək ehtiyacını Avropa İttifaqının özünün təhlükəsizliyi ilə əlaqələndirib və Rusiyanın Avropada hibrid kampaniyalarının intensivləşməsini qeyd edib. O, sammitdə Ukrayna ilə bağlı müzakirələrin Qara dənizdə hibrid təhdidlər və hücumlar da daxil olmaqla, Avropanın müdafiə və təhlükəsizliyi məsələləri ilə sıx bağlı olduğunu bildirib.