Yeni qanunvericilik uşaqların zərərli məzmundan qorunmasına töhfə verəcək - SORĞU

Daxili siyasət
  • 06 iyul, 2026
  • 14:03
Yeni qanunvericilik uşaqların zərərli məzmundan qorunmasına töhfə verəcək - SORĞU

Uşaqların sosial şəbəkələrdən istifadəsi son dövrlərdə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir.

Mütəxəssislər erkən yaşlarda nəzarətsiz sosial media istifadəsinin uşaqların psixoloji inkişafına, davranışına və sosial münasibətlərinə mənfi təsir göstərə biləcəyini bildirirlər. Elə bu məqsədlə Azərbaycanda da qanunvericilikdə dəyişikliklər edilməsi üçün müəyyən addımların atılması nəzərdə tutulub.

Yeni qaydalara əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşı tamam olmamış şəxslərin fərdi hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaşlı istifadəçilər üçün isə valideynin və ya qanuni nümayəndənin razılığı tələb olunacaq.

"Report"un sorğusuna əsasən məhdudiyyətin tətbiqi uşaqların inkişafına, düzgün böyüdülməsinə olduqca müsbət təsir göstərəcək.

Sorğu iştirakçılarının əksəriyyəti sosial şəbəkələrin uşaqlar üçün zərərli olduğunu düşünür. Onların sözlərinə görə, uşaqlar artıq həyət oyunlarından uzaqlaşır, daha çox telefon və planşet qarşısında vaxt keçirir, bu isə həm fiziki aktivliyə, həm də davranışlarına mənfi təsir göstərir. Bəzi sakinlər sosial şəbəkələrin uşaqları aqressivləşdirdiyini də qeyd ediblər.

Valideynlərin bir qismi övladlarına sosial şəbəkələrdən yalnız nəzarət altında istifadə etməyə icazə verdiklərini desə də, digərləri müasir dövrdə buna tam nəzarət etməyin mümkün olmadığını bildiriblər.

Hətta sorğu iştirakçılarından biri nəvəsinə cəmi 3 yaşında telefon verildiyini deyərək, texnologiyanın artıq çox erkən yaşlardan uşaqların həyatının ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.

Beləliklə, sorğu göstərir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı cəmiyyətdə narahatlıq böyükdür. Sakinlər valideyn nəzarətinin vacibliyini vurğulasa da, texnologiyanın həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə bunun hər zaman mümkün olmadığını bildirirlər.

Bu baxımdan, 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət nəzərdə tutan yeni qanunvericilik dəyişikliklərinin onların zərərli məzmundan qorunmasına, rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə və valideyn nəzarətinin daha effektiv həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

Yeni qanunvericilik uşaqların zərərli məzmundan qorunmasına töhfə verəcək - SORĞU