Qərbi Azərbaycanın yaddaş yerləri: Əkərək kəndinin tarixi və taleyi

Daxili siyasət
  • 20 oktyabr, 2026
  • 10:15
Qərbi Azərbaycanın yaddaş yerləri: Əkərək kəndinin tarixi və taleyi

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Əkərək (indiki Aqarak) kəndinin tarixi haqqında araşdırma dərc olunub.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Rusiya imperiyası dövründə - Əkərək, Akarak, Akeran · sovet dövründə - Aqarak adlandırılan kənd 1995-ci ildən Ermənistanın Araqatsotn vilayətinin tərkibindədir. Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd İrəvan xanlığının Kərbibasar mahalının tərkibində olub. 1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Əkərək kəndində 318 nəfər yaşayıb: 166 yerli türk və 152 İrandan köçürülmüş erməni. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 388 nəfər yaşayıb.

1899-cu il "Zaqafqaziya diyarının beş quberniyasında torpaq mülkiyyəti və təsərrüfat üsulları haqqında statistik məlumatlar toplusu"na əsasən, kənddə torpaq mülkiyyətinə yalnız azərbaycanlıların əcdadları sahib olublar.

1908-ci ildə kənddə 629 azərbaycanlı yaşayıb. 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib. Arxiv məlumatlarına əsasən, 1918-ci ildə kənd dağıdılıb, sakinlər isə evlərini tərk ediblər.

Elə həmin vaxt kənddə Türkiyənin Van və Bitlis əyalətlərindən olan ermənilər yerləşdiriliblər. Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk sakinlərinin sayını onların 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür. 1922-ci ildə kənddə 483 nəfər yaşayıb, onlardan 72 nəfəri azərbaycanlı olub. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1930-cu ildə Əştərək rayonu yaradılıb və kənd onun tərkibinə daxil olub. Sovet dövrünün erməni və Azərbaycan mənbələrinin məlumatına əsasən, azərbaycanlılar kənddə 1940-cı illərin sonlarınadək yaşayıblar.

1926-cı ildə kənddə 550 nəfər yaşayıb, onlardan 74 nəfəri azərbaycanlı olub. 1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. 1949-cu ildə Əkərək kəndinin 56 azərbaycanlı sakini zorla Azərbaycan SSR-ə köçürülüb. Deportasiyadan sonra Əkərəkin azərbaycanlı əhalisi haqqında qeydlər itir. Çar dövrünün mənbələrində kənddə fəaliyyətdə olan məscidin adı çəkilir. 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə XVII əsr məscidinin xarabalıqları aşkar edilib və xarabalıqların arasında xristian simvollu əşyalar tapılıb. Bizim günlərdə Ermənistan tərəfi onu fars abidəsi kimi təqdim edir.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Qərbi Azərbaycanın yaddaş yerləri: Əkərək kəndinin tarixi və taleyi

44 filmi