İradə Hüseynova: Gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir

Daxili siyasət
  • 01 noyabr, 2026
  • 14:03
İradə Hüseynova: Gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir

Azərbaycançılıq ideologiyası bu gün aktual məsələdir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sonuncu qurultayındakı çıxışı dərin məzmunu və irəli sürülən fikirlərin əhəmiyyəti ilə diqqəti cəlb edir.

Bu fikirləri "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova deyib.

"Dövlət başçısı ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, milli kimliyimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə də toxundu. Hesab edirəm ki, gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir. Xüsusilə, biz ziyalıların bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Biz gənclərə tariximizi, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi düzgün izah etməliyik. Onlarda Vətənə sevgi, dövlətə bağlılıq və vətəndaşlıq məsuliyyəti formalaşdırmalıyıq.

Ziyalı yalnız bilik verən deyil, həm də cəmiyyətə nümunə göstərən şəxs olmalıdır. O, öz mövqeyi ilə milli maraqların qorunmasına töhfə verməlidir".

O həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışının əsas əhəmiyyəti də bu məsələlərin yenidən diqqət mərkəzinə gətirilməsidir:

"Milli kimliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və müstəqilliyimizin möhkəmləndirilməsi cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Biz bu gün gənclərimizlə daha fəal işləməli, onlara müstəqilliyin hansı tarixi mübarizə nəticəsində əldə olunduğunu izah etməliyik. Çünki müstəqilliyi qorumaq onu əldə etmək qədər məsuliyyətli vəzifədir. Tarixi yaddaşımızı, milli birliyimizi və dövlətçilik ənənələrimizi qoruduğumuz təqdirdə gələcək nəsillərə daha güclü Azərbaycan miras qoya bilərik".

İ. Hüseynova diqqətə çatdırıb ki, milli ideologiyanın formalaşması və inkişafı tarixlə sıx bağlıdır: "Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi əhəmiyyət verirdi. O, 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş tədbirdəki çıxışında milli ideologiya məsələlərinə geniş yer ayırmışdı. Heydər Əliyevin yanaşmasında dövlətçilik və milli-mənəvi dəyərlər əsas istiqamətlərdən idi. Çünki güclü dövlətin mövcudluğu yalnız iqtisadi və siyasi imkanlarla deyil, həm də cəmiyyətin milli birliyi və mənəvi dayaqları ilə müəyyən olunur.

Bu gün milli-mənəvi dəyərlərimizə daha həssas yanaşmalıyıq. Onları müasir dövrün tələblərinə uyğun şəkildə təhlil etməli və cəmiyyətə düzgün çatdırmalıyıq".

44 filmi