Ceyhun Məmmədov: Vətən müharibəsində bütün vətəndaşlarımız görünməmiş həmrəylik nümayiş etdirdi

Daxili siyasət
  • 03 noyabr, 2026
  • 11:24
Ceyhun Məmmədov: Vətən müharibəsində bütün vətəndaşlarımız görünməmiş həmrəylik nümayiş etdirdi

Vətən müharibəsi günlərində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında 8 Noyabr - Zəfər Gününün ildönümü haqqında çıxış edərkən deyib.

O qeyd edib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı:

"Bu xalqımızın böyük tarixi nailiyyəti idi. Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir. Azad edilmiş bütün şəhərlərdə hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər... Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək".