Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Daxili siyasət
  • 21 oktyabr, 2026
  • 11:58
Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Almalıq kəndinin tarixi haqqında araşdırma dərc olunub.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Məlumata görə, kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsinin bolşeviklər tərəfindən Ermənistana verildiyi Zəngəzurda yerləşib. Çar dövründə Almalıq, Almaluq, Almalux, sovet dövründə Almaluq adlanan kəndin adı XIX əsrin ikinci yarısında Rusiya imperiyasının mənbələrində qeyd edilir. Çar dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi həmin dövrə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1886-cı ilə aid mənbədə Almalıq nümayəndələri, əsasən, Zəngəzur qəzasında yaşamış sarallı türk tayfasının qışlağı kimi göstərilib. Orada qeyd olunur ki, kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 51 nəfər yaşayıb. 1914-cü ildə kənddə 465 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

1918-1920-ci illərdə müstəqil erməni silahlı quldur dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib. Arxiv sənədlərinə əsasən, artıq 1917-ci ildə Almalıq kəndi ermənilər tərəfindən dağıdılıb. Etnik təmizləmənin nəticələri 1919 və 1922-ci illərin statistik məlumatlarında öz əksini tapıb, burada Almalıq kəndi dağılmış kimi qeyd olunub.

1920-ci illərin ortalarında azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb. Sovet dövründə kənd 1930-cu ildə yaradılmış Qafan rayonunun tərkibində olub. Erməni mənbələrinə əsasən, 1940-cı illərin sonlarınadək kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Məlumat üçün bildirək ki, 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kəndin ərazisində bir neçə məzar daşının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

44 filmi