Yanvarda Azexport.az portalına 81,5 mln. dollarlıq ixrac sifarişi daxil olub
- 05 mart, 2018
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azexport.az portalına 81,5 mln. ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib.
R.Hüseyn qeyd edib ki, 2018-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 mln. dollar təşkil edib:
"2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36,8 mln. dollar). Yanvar ayı ərzində Türkiyəyə 23 mln., İsveçrəyə 17,9 mln., Gürcüstana 11,3 mln. və Çinə 4,4 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub".
İİTKM rəsmisi bildirib ki, 2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb ki, bunun da həcmi 17 mln. dollardır: "Bu siyahıda ikinci yeri 13 mln. dollarla xurma , üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 mln.ABŞ dolları) tutub. Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 mln., plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 9 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 mln., kimya sənayesi məhsullarının ixracı 3,6 mln. dollar olub."
Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.