Vergi rəsmisi: "Riskli əməliyyatların qarşısını əvvəlcədən almağa çalışırıq"

Biznes
  • 22 oktyabr, 2026
  • 11:40
Vergi rəsmisi: Riskli əməliyyatların qarşısını əvvəlcədən almağa çalışırıq

Vergi orqanları riskli əməliyyatların qarşısını əvvəlcədən almağa çalışır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi Samir Xalıqov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, vergi risklərinin idarə edilməsində əsas hədəf pozuntuları baş verdikdən sonra aşkar etmək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirərək onların aradan qaldırılmasına şərait yaratmaqdır: "Bu sahədə ən mühüm dəyişikliklərdən biri post-faktum yanaşmadan preventiv yanaşmaya keçiddir. Əvvəlki illərdə riskli vergi ödəyiciləri ilə bağlı tədbirlər əməliyyatlar baş tutduqdan və yaxud risklər müəyyən edildikdən sonra həyata keçirilirdisə, hazırda əsas məqsədimiz riskləri əvvəlcədən müəyyən etmək, vergi ödəyicilərinin həmin riskli əməliyyatlara cəlb olunmasının qarşısını almaqdır. Bu istiqamətdə süni intellektdən və qabaqcıl analitik alətlərdən istifadə etməyə çalışırıq. Əsas istiqamətlərdən biri məlumatların avtomatlaşdırılmış şəkildə təsnifləşdirilməsini təmin edən süni intellekt əsaslı klassifikatorların tətbiqidir. Digər istiqamət isə risklərin qiymətləndirilməsi modellərində, o cümlədən risk skorinq sistemində süni intellektin tətbiqidir. Bu yanaşmalar vergi ödəyicilərinin və vergi bəyannamələrinin risk səviyyəsini daha dəqiq qiymətləndirməyə, diqqəti real risk ehtimalı olan hallara yönəltməyə imkan verir. Bununla yanaşı, süni intellektin tətbiqi zamanı onun yarada biləcəyi riskləri də nəzərə alırıq. Bu baxımdan məlumatların məxfiliyinin təmin edilməsi, alqoritmlərin verdiyi qərarların izah edilə bilməsi və fərdi məlumatların qorunması mühüm əhəmiyyət kəsb edir".

Bundan başqa, vergi rəsmisi deyib ki, pozuntuların cəzasız aradan qaldırılması üçün imkan yaradılır: "Preventiv yanaşmanın mühüm elementlərindən biri kontragentin tanınması xidmətidir. Vergi ödəyiciləri və sifarişçilər potensial kontragentləri ilə işgüzar münasibətlərə başlamazdan və ya onlardan mal, xidmət və iş əldə etməzdən əvvəl həmin xidmət vasitəsilə qarşı tərəf haqqında müvafiq məlumatları əldə edə bilərlər. Bununla sahibkarlar əməliyyatlarla bağlı qərarlarını əvvəlcədən daha əminliklə verə bilərlər. Digər mühüm mexanizm riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlara dair avtomatik bildiriş və xəbərdarlıqların göndərilməsidir. Sistemin formalaşdırdığı bu bildirişlər həm təqdim edən, həm də əldə edən tərəfə göndərilir. Yəni, hər iki tərəf mümkün risklər barədə əvvəldən məlumatlandırılır. Müvafiq qaydalara uyğun olaraq, onlar əməliyyatı dayandıra və ya könüllü şəkildə ləğv edə bilərlər".

"Bu yanaşmanın digər praktiki nümunəsi elektron sahə nəzarəti sistemidir. Sistem artıq istifadəyə verilib və regionlarımızdan birində pilot rejimdə tətbiq olunur. Bu sistem vasitəsilə aşkar edilən pozuntular barədə vergi ödəyicilərinə kağızsız, elektron qaydada bildirişlər göndərilir. Vergi ödəyiciləri pozuntular barədə əvvəlcədən məlumatlandırılır və onların aradan qaldırılması üçün müəyyən müddət əldə edirlər. Beləliklə, sahibkarlara cəza tədbirləri tətbiq edilmədən pozuntuları könüllü şəkildə aradan qaldırmaq imkanı yaradılır. Əsas məqsədimiz risklərin müəyyənləşdirilməsinə, qanunvericiliyə könüllü əməl olunmasının təşviqinə və dövlət maliyyəsinin şəffaflığının gücləndirilməsinə xidmət edən müasir vergi inzibatçılığı modelini inkişaf etdirməkdir", - deyə S.Xalıqov əlavə edib.