Sahib Ələkbərov: "Orta Dəhliz Azərbaycan-Tacikistan ticarət əlaqələrinin genişləndirilməsinə yeni imkanlar açır"

Biznes
  • 22 may, 2026
  • 11:23
Sahib Ələkbərov: Orta Dəhliz Azərbaycan-Tacikistan ticarət əlaqələrinin genişləndirilməsinə yeni imkanlar açır
Sahib Ələkbərov

Sənaye Azərbaycan-Tacikistan ticarət-iqtisadi tərəfdaşlığının genişləndirilməsinin perspektiv istiqamətlərindən biridir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq kənd təsərrüfatı xammalının emalını, yüngül sənayeni, alüminium sahəsini, həmçinin sənaye parkları və azad iqtisadi zonalar çərçivəsində qarşılıqlı fəaliyyəti əhatə edə bilər: "Belə yanaşma ayrı-ayrı ticarət əməliyyatlarından daha dayanıqlı istehsal layihələrinə və birgə əlavə dəyər zəncirlərinin formalaşdırılmasına keçməyə imkan verəcəkdir".

S. Ələkbərov bildirib ki, ticarət-investisiya kooperasiyasına əlavə təkan verə biləcək əsas amillərdən biri ölkələrimiz arasında nəqliyyat-logistika əlaqəliliyinin inkişafıdır: "Azərbaycanın Avropa ilə Asiya arasındakı marşrutların kəsişməsində yerləşməsi, həmçinin Orta Dəhlizin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ticarətin genişləndirilməsi, çatdırılma müddətlərinin qısaldılması və daşımaların rəqabətqabiliyyətliliyinin artırılması üçün yeni imkanlar açır. İnfrastrukturun modernizasiyası, nəqliyyat prosedurlarının sinxronlaşdırılması və gömrük qarşılıqlı əlaqəsinin sadələşdirilməsi investisiyaların cəlb edilməsi və regionun tranzit potensialından daha fəal istifadə üçün əlavə şərait yaradır".