Qazaxıstan prezidenti Azərbaycanın Aktaudakı logistika mərkəzi ilə tanış olub

Biznes
  • 04 aprel, 2017
  • 13:59
Qazaxıstan prezidenti Azərbaycanın Aktaudakı logistika mərkəzi ilə tanış olub

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azersun Holding”in birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi" ilə tanış olub.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması iki ölkə arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. 

Nazir bildirib ki, belə layihələrdən biri də “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən “Azərsun İstehsal və Logistika Mərkəzi”dir: "Logistika Mərkəzinin təməli 2014-cü ilin iyunun 28-də qoyulub. 2015-ci ilin dekabrında fəaliyyətə başlayan Mərkəzin ümumi anbar sahəsi 8 730 kv.metr olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 mln. ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz edilib. “Azərsun İstehsal və Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunması məqsədəuyğundur".

N.Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib, xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı Qazaxıstanın aidiyyəti orqanlarına müvafiq göstəriş verib.

Qeyd edək ki, 25%-i dövlətə məxsus olan “Azərsun İstehsal və Logistika Mərkəzi” Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir. Mərkəz Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının Azərbaycana ixracı üçün şərait yaradır.

44 filmi