Mikayıl Cabbarov: "Azərbaycanda fəaliyyət şirkətlərə geniş regional bazara çıxış təmin edir"

Biznes
  • 15 iyul, 2026
  • 12:19
Mikayıl Cabbarov: Azərbaycanda fəaliyyət şirkətlərə geniş regional bazara çıxış təmin edir

Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara daxil olmaq imkanı yaradır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib.

"Siyasət baxımından biz iqtisadi subyektlərimizi investisiya yatırmağa həvəsləndirməkdən çəkinmirik. İnvestisiyaların cəlb edilməsi birinci prioritetimiz olsa da, başlıca hədəfimiz bilik, bacarıq və texnologiya potensialını yüksəltməkdir ki, bu da Azərbaycan iqtisadiyyatı çərçivəsində rəqabətədavamlı şəkildə istehsal edilə biləcək yeni məhsulların yaranmasına səbəb olsun".

O qeyd edib ki, bu məqsədə çatmaq üçün ölkə müxtəlif vasitələrdən yararlanır və risklərin bölüşdürülməsi yanaşmasını təqdim edir: "Bizdə maliyyə investoru funksiyasını yerinə yetirən Azərbaycan Biznesinin İnkişafı Fondu kimi inkişaf qurumları fəaliyyət göstərir. O, azlıq payçısı kimi çıxış edərək səhm payçılıq risklərini öhdəsinə götürür, bununla iqtisadi mühitimizin inkişafını və modernləşdirilməsini təmin edir. Biz eyni zamanda mövcud birgə investisiya fondlarından faydalanırıq, onların sayı artmağa davam edir, mandatları Azərbaycana, eləcə də region daxilində investisiya qoymaqdan ibarətdir".

M. Cabbarov bildirib ki, hazırda birgə Azərbaycan-Qazaxıstan, Azərbaycan-BƏƏ, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan birgə investisiya fondları mövcuddur və bu fondların hər birində Azərbaycanın minimum mövqeyi, kapital payı 55 % təşkil edir: "Bu, həqiqətən sizin üçün, müxtəlif sektorlarda imkanları görə və müəyyən edə biləcək və etməli olan müəssisələr üçün mövcud olan tam bir ekosistemdir".

Sənaye inkişafına diqqət yönəldən nazir, Azərbaycanda iqtisadi yüksəliş üçün ən böyük potensiala malik olan və özəl kapital üçün ən cazibədar sayılan iqtisadiyyat sahələrinin prioritet olaraq seçildiyini açıqlayıb: "Biz bunu müvafiq dövlət proqramları vasitəsilə reallaşdırırıq. Bunlar həm slovak müəssisələrinin iqtisadi profili, həm də Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri baxımından aktual məsələlərdir. Sənaye istehsalını nəzərdə tutan komponentlər üçün biz xüsusi sənaye inkişafı zonalarında "plug-and-play" (hazır infrastrukturla dərhal fəaliyyətə başlama) yanaşmasını tətbiq edirik. Xüsusilə qeyd etmək istərdim ki, Ələt Azad İqtisadi Zonası (AFEZ) Azərbaycanın sənaye zonaları siyasətinin flaqman layihəsidir, əsas etibarilə ixracı və regional bazarlara çıxışı hədəf alır. AFEZ Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanının yaxınlığındadır. Gələn ilin ortalarına qədər azad iqtisadi zonanın tərkib hissəsi olaraq beynəlxalq hava limanı istismara veriləcək, dəmir yolu əlaqəsi mövcuddur və Mərkəzi Asiyadan, Çindən Qərbə, Qara dənizə, Türkiyəyə, Avropaya və əks istiqamətdə yük axını üçün bu, əsl qovşaq nöqtəsidir".

44 filmi