Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni uğuru: 13 məktəb bir layihədə birləşdi

Biznes
  • 19 aprel, 2023
  • 08:50
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni uğuru: 13 məktəb bir layihədə birləşdi

Mütəmadi olaraq təhsillə bağlı yeniliklərə, uğurlara imza atmaqla seçilən Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) şagirdlərin intellektual inkişafı üçün bir çox layihələr gerçəkləşdirib.

Kompleksin təşəbbüsü və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə "Marriott Boulevard" hoteldə Heydər Əliyevin 100 illiyi münasibətilə ilə İqlim dəyişikliyi təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri üzrə Məktəb Simpoziumu keçirilib.

Simpoziumda Kompleksin direktoru Aygün Mikayılova, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, onun müşaviri Rüstəm Həsənov, elm və təhsil naziri Emin Əmrullayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi, ,"EU4Climate" Layihəsinin koordinatoru Nazim Məmmədov, Əməkdar artist Bəhram Bağırzadə, "Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı çıxış ediblər.

Simpozium çərçivəsində 13 beynəlxalq və dövlət məktəbinin 100-ə yaxın şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib. Baş tutan yarış şagirdlərin və qonaqların böyük marağına səbəb olub. Belə ki, şagirdlər qrup halında öz layihələrini təqdim ediblər.

Simpozium ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlib. Eyni zamanda, bu tədbir gənc nəslin iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına bir nümunədir.

MTK təhsil verməklə yanaşı, şagirdlərin intellektual inkişafı üçün də maksimum imkanlar yaratmağa çalışır. Simpoziumda ətraf mühitlə bağlı sualları əhatə edən , tədbirə xüsusi maraq qatan intellektual oyun da keçirilib. Oyundan sonra, tərəfdaş təşkilatların nümayəndələri "Gələcək Burada Başlayır" məktəb müsabiqəsinin və intellektual oyunun qaliblərini mükafatlandırıb.

Aİ-nın "EU4Climate" və Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi "Milli Uyğunlaşma Planı" layihələrinu UNDP həyata keçirir. Həmçinin, məktəb müsabiqəsinin təşkil edilməsi də UNDP-nin MTK ilə ilə sıx əməkdaşlığı çərçivəsində mümkün olub.

Kompleks şagirdlərin inkişafına yönəlik layihələrin dəstəklənməsi və uğurlu icrası üçün dəstəyini əsirgəməyən UNDP-yə təşəkkür edir.