Gürcüstan ötən ay Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 47 % artırıb
- 20 avqust, 2024
- 09:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 1,66 milyon ABŞ dolları dəyərində 54,54 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq 43 % azdır.
Təkcə iyulda Azərbaycan qonşu ölkədən 331 min ABŞ dolları dəyərində 10,21 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar alıb. Bu, əvvəlki aya nisbətən müvafiq olaraq 57 % və 47 % çoxdur.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 22 %-lik payla 2-ci yerdə qərarlaşıb.
7 ay ərzində Gürcüstan xarici ölkələrə 7,56 milyon ABŞ dolları dəyərində 412 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7 % və 16 % azdır. O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 1,75 milyon ABŞ dolları dəyərində 183 ton, Türkiyəyə 993 min ABŞ dolları dəyərində 29 ton, Cənubi Koreyaya 990 min ABŞ dolları dəyərində 17 ton, Ermənistana 884 min ABŞ dolları dəyərində 83 ton tədarük həyata keçirib .
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.