Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək

Biznes
  • 21 oktyabr, 2026
  • 14:32
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək

5 noyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçiriləcək.

"Məsuliyyətlə qur. Etibarla tamamla." şüarı ilə təşkil olunacaq sammit tikinti və daşınmaz əmlak sektorunun aktual məsələlərinin müzakirəsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də dayanıqlı inkişafı dəstəkləyən praktiki həllərin təşviqinə həsr olunacaq.

AIREX sərgisi çərçivəsində keçiriləcək tədbirdə dövlət qurumlarının, tikinti və daşınmaz əmlak şirkətlərinin, maliyyə institutlarının və sahə üzrə mütəxəssislərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Sammitin proqramı iki əsas panel müzakirəsini əhatə edir.

"Tullantıdan resursa" adlı birinci paneldə tikinti və söküntü tullantılarının səmərəli idarə olunması, çeşidlənməsi, daşınması və təkrar emalı məsələləri müzakirə ediləcək. Tullantıların izlənilməsi, rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi, təkrar emal edilmiş materialların iqtisadi dövriyyəyə qaytarılması və bu sahəyə investisiya imkanları panelin əsas mövzuları olacaq.

"Bünövrədən çıxarışa" adlı ikinci panel tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin vaxtında tamamlanması, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının tikintinin ilkin mərhələsindən etibarən rəsmiləşdirilməsi imkanlarına həsr olunacaq. Panel çərçivəsində dövlət qeydiyyatı mexanizmləri, layihələrin tamamlanmasına təminat verən maliyyə alətləri və beynəlxalq təcrübənin Azərbaycan bazarında tətbiqi imkanları müzakirə ediləcək.

Tədbir çərçivəsində PMD Projects-in direktoru Nəriman Topçibaşevin açılış nitqi ilə çıxış etməsi və şirkətin "Layihə rəhbərinin əl kitabı" adlı nəşrinin təqdimatı da nəzərdə tutulur.

PMD Projects III Dayanıqlı Tikinti Sammiti vasitəsilə tikinti sektorunda məsuliyyətli idarəetmə yanaşmalarının təşviqinə, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına, eləcə də dayanıqlı tikinti prinsiplərinin tətbiqinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir.

44 filmi