AZSTAND hədəflərini açıqlayıb

Biznes
  • 16 oktyabr, 2026
  • 11:51
AZSTAND hədəflərini açıqlayıb

"2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində 4 minə yaxın normativ sənədin işlənib hazırlanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə bildirib.

"Standartlaşdırma fəaliyyətinin mühüm istiqamətlərindən biri də ölkənin milli standartlaşdırma proqramının formalaşdırılması və icrasıdır. "Standartlaşdırma haqqında" qanuna, eləcə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası"na əsasən ötən ilin dekabr ayında "2026-2028-ci illər üçün milli standartlaşdırma proqramı" təsdiq edilib və bu ilin iyul ayında ona dəyişikliklər edilib. Proqram çərçivəsində təkcə Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532, Mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, Neft və əlaqəli texnologiyalar üzrə 338, Tekstil və dəri texnologiyası üzrə 333 yeni dövlət standartının qəbulu planlaşdırılır", - deyə o qeyd edib.

Bundan başqa, direktor əvəzi deyib ki, standartlaşdırmada mühüm istiqamətlərindən biri də müxtəlif sahələr üzrə Texniki Komitələrin yaradılması və inkişaf etdirilməsidir: "Hazırda ölkəmizdə qida və kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və energetika sahəsi, idarəetmə sahəsi, neft-qaz sahəsi, ekologiya və digər sahələriəhatə edən standartlaşdırılma üzrə 43 texniki komitə fəaliyyət göstərir. Bunlardan 3-ü - "Maşınqayırma, mexaniki və hidravlik sistemlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 56), "Məhkəmə ekspertizaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 57) və "İstehlak malları" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 58) bu il təsis edilib.

"Məqsədlərdən biri də Azərbaycanın beynəlxalq standartlaşdırma sistemində layiqli şəkildə təmsil olunmasıdır. Biz ölkəmizi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edirik", - deyə o əlavə edib.