Azərbaycanın Pakistandakı səfiri: "İki ölkə arasında ticarət dövriyyəsi yüksək templə artır"
- 04 iyul, 2018
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ "Çalışmalıyıq ki, Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələr siyasi əlaqələr kimi möhkəm olsun".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.
Onun sözlərinə görə, bu gün Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin qurulması ilə yanaşı, ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətlidir: "İki ölkə arasında ticarət dövriyyəsi yüksək templə artır. Çalışacağıq ki, bu tempi qoruyaq".
Ötən il Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 6 dəfə artdığını deyən səfir iki ölkə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətini vurğulayıb: "İnanırıq ki, yaxın aylarda və yaxud gələn il Azərbaycanla Pakistan arasında birbaşa aviarreys açılacaq. Bir neçə Pakistan şirkəti bunda maraqlıdır".
Səfir Azərbaycanın Pakistanda həyata keçirdiyi xeyriyyə layihələrdən də danışıb və bildirib ki, bu tədbirlər davam etdiriləcək.