Qoşqar Təhməzli : "Qida təhlükəsizliyində rəqəmsallaşma mühüm əhəmiyyət daşıyır"
- 16 oktyabr, 2026
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qida təhlükəsizliyi sahəsində rəqəmsallaşmanın xüsusi əhəmiyyəti var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ADA Universitetində keçirilən "Ümumdünya Ərzaq Günü 2026" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, idxal-ixrac əməliyyatlarında məlumat mübadiləsinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsini və şəffaflaşdırılmasının artırılmasına imkan yaradır: "Bu gün Azərbaycan məhsulları artıq dünyanın 70-dən çox ölkəsinə ixrac olunur. Rəqəmsallaşma sadəcə olaraq hər hansı bir elektron xidmətlərin sayının artırılması demək deyil. Əsas odur ki, məhsulun mənşəyini izləyə bilək, təhlükəni vaxtında müəyyən edək və düzgün qərarı gecikmədən verək. İstəyirik ki, istehlakçı aldığı məhsulun təhlükəsizliyinə əmin olsun, fermer və sahibkar isə əməyinin nəticəsini daha geniş bazarlara çatdıra bilsin".
Q.Təhməzli deyib ki, qarşıdakı dövrdə bu məqsədlərə çatmaq üçün mühüm imkanlar var: "Belə ki, 2027-2032-ci illər üçün qida təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində qida məhsullarının istehsaldan son istehlak mərhələsinədək izlənilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Bunlar ilk baxışdan texniki məsələlər kimi görünsə də, əslində isə onların hər birinin arxasında çox vacib məqsəd dayanır. Bu da qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsidir. Belə ki, biz riskləri vaxtında görmək, problemlərin böyüməsini imkan verməmək və insan sağlamlığını daha ehtibarlı şəkildə qorumaq imkanları əldə edəcəyik".