Qarabağda torpaq icarəsi üzrə lV investisiya müsabiqəsinin qalibləri müəyyən edilib

ASK
  • 13 avqust, 2026
  • 17:38
Qarabağda torpaq icarəsi üzrə lV investisiya müsabiqəsinin qalibləri müəyyən edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə IV investisiya müsabiqəsinin qalibləri müəyyənləşib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.

Bu il mayın 26-da işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan edilib, iyulun 10-da sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqədə iştirak üçün 98 subyekt müraciət edib.

lV investisiya müsabiqəsi ilə bağlı avqustun 7-də investisiya komissiyasının iclası keçirilib, müsabiqənin iştirakçıları və qalibləri müəyyən edilib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri sms vasitəsilə məlumatlandırılıb və qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi mərhələli şəkildə davam etdirilir.