"Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub

ASK
  • 23 oktyabr, 2026
  • 13:54
Məhsul şəhadətnaməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisin bu gun keçirilən növbəti plenar iclasında "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.

"Report" xəbər verir ki, sənəd Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı məqsədilə məhsul şəhadətnamələrinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi qaydalarını müəyyən edir, məhsul şəhadətnamələrindən istifadənin hüquqi və iqtisadi əsaslarını, tərəflərin hüquq və öhdəliklərini, eləcə də öhdəliklərin icrasına nəzarət mexanizmlərini əhatə edir.

Qanuna əsasən, məhsul şəhadətnamələri əmtəə və maliyyə növlərinə ayrılır. Əmtəə məhsul şəhadətnaməsi borclunun müəyyən edilmiş miqdarda və keyfiyyətdə kənd təsərrüfatı məhsulunu təqdim etmək, maliyyə məhsul şəhadətnaməsi isə müəyyən edilmiş pul məbləğini ödəmək öhdəliyini təsdiqləyir.

Məhsul şəhadətnamələri elektron qaydada buraxılacaq. Bunun üçün borclu müvafiq məlumatları informasiya sisteminə daxil etməli, kreditor isə şəhadətnaməni əldə etmək niyyətini bildirməlidir. Şəhadətnamə sistem vasitəsilə avtomatik formalaşdırılacaq və tərəflər tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanacaq. Şəhadətnamənin qüvvəyə minməsi üçün mülkiyyətçi müəyyən edilmiş müddətdə vəsaiti nağdsız qaydada borclunun bank hesabına ödəməlidir.

Əkinçilik sahəsində məhsul şəhadətnaməsini kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olan şəxslər, heyvandarlıq sahəsində isə kənd təsərrüfatı heyvanları üzərində mülkiyyət və ya istifadə hüququ olan şəxslər buraxa bilərlər. Şəhadətnamədə məhsulun miqdarı və keyfiyyəti, öhdəliyin icra müddəti, torpaq sahəsi və ya müəssisə barədə məlumatlar, habelə məhsulun sığortalanması və istehsal texnologiyası ilə bağlı məlumatlar göstərilməlidir.

Qanun məhsul şəhadətnamələrinin təkrar satışına və girov daxil olmaqla digər öhdəliklərlə yüklənməsinə də imkan verir. Bu əməliyyatlar barədə məlumatlar mülkiyyətçi tərəfindən beş iş günü ərzində informasiya sisteminə daxil edilməlidir. Şəhadətnamənin mülkiyyətçisi, tərəflər arasında başqa qayda müəyyən edilmədikdə, borclunu üç iş günü əvvəl xəbərdar etməklə məhsulun istehsalı, ilkin emalı və saxlanılması prosesinə nəzarət edə bilər.

Sənəddə məhsul şəhadətnaməsi üzrə öhdəliklərin icrası qaydaları da müəyyənləşdirilir. Əmtəə məhsul şəhadətnaməsi üzrə öhdəlik məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması, maliyyə məhsul şəhadətnaməsi üzrə isə pul məbləğinin ödənilməsi ilə yerinə yetirilir. İstehsal edilmiş və ya emal olunmuş məhsul öhdəliyin icrası üçün kifayət etmədikdə, müəyyən şərtlərlə başqa məhsul təqdim edilə və ya orta bazar qiyməti əsasında kompensasiya ödənilə bilər.

Öhdəliklər icra edilmədikdə və ya lazımi qaydada yerinə yetirilmədikdə, məhsul şəhadətnaməsinin təminatına tutma yönəldilə bilər. Bu halda mülkiyyətçinin müraciəti əsasında informasiya sistemində xüsusi qeyd yaradılaraq müvafiq məlumatlar "Elektron icra" informasiya sisteminə göndərilir. Təminatın satışından əldə edilən vəsait tələbi ödəmək üçün kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada borclunun digər əmlakına da müraciət edilə bilər.

Qanuna əsasən, məhsul şəhadətnamələrinin buraxılışı zamanı kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı tərəflər öhdəlik götürə bilərlər. Sənədin tələblərini pozan şəxslər isə qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.