FAO işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyat bazasını araşdırır
- 16 oktyabr, 2026
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyat bazasını araşdırır.
Bunu "Report"a açıqlamasında FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər Dövlət Proqramı" çərçivəsində nəticələr əldə etmək üçün Azərbaycan hökumətinə dəstək verməyi səbirsizliklə gözləyir: "Proqram dayanıqlılıqdan tutmuş təbii ehtiyatlardan və imkanlardan, o cümlədən sudan necə istifadə etdiyimizin təkmilləşdirilməsinə, həmçinin kənd təsərrüfatının daha yaşıl və dayanıqlı şəkildə istehsalına qədər çox geniş sahələri əhatə edir. Biz Dövlət Proqramı çərçivəsində nəticələrin əldə edilməsini dəstəkləmək üçün KTN ilə birlikdə işləyirik. Biz iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq, torpağın sağlamlığını yaxşılaşdırmaq, həmçinin icmalara və hökumətə Azərbaycanın təbii ehtiyat bazasını qoruyub saxlamağa və mövcud ehtiyatlardan daha dayanıqlı şəkildə istifadə etməyə kömək etmək üçün bir sıra fəaliyyət və layihələri həyata keçirməyi səbirsizliklə gözləyirik".
M.Hayat qeyd edib ki, Azərbaycan hökuməti ölkənin işğaldan azad edilmiş ərazilərində infrastrukturun, o cümlədən kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində çoxlu işlər görür: "Biz hazırda KTN ilə həmin ərazilərdə təbii ehtiyat bazasının necə olduğunu anlamaq üzərində işləyirik. Həmin ərazidə təbii ehtiyatlardan və kənd təsərrüfatı potensialından ən yaxşı dayanıqlı istifadənin nə olduğunu görmək üçün regiona yüksək səviyyədə nəzər salırıq".
Onun sözlərinə görə, bu gün, yəni oktyabrın 16-sı Ümumdünya Ərzaq Günü kimi qeyd edilir: "Bu gün həm də FAO-nun yaradılması günüdür. Bu tədbiri bütün dünyada təqribən 150 ölkədə qeyd edirik. Bu gün biz ərzaq təhlükəsizliyinin, dayanıqlı istehsalın vacibliyi ilə bağlı ismarıc çatdırırıq, həmçinin ərzağın insan varlığı üçün nə qədər vacib olduğunu, ərzaq təhlükəsizliyinə təkcə fermerlərin və istehsalçıların deyil, hamımızın necə töhfə verə biləcəyini birlikdə müzakirə edirik".