Azərbaycanda fermerin məhsulunun satış qiyməti və ödəniş müddətinin qanunla tənzimlənməsi təklif edilib
- 23 oktyabr, 2026
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fermerin yetişdirdiyi məhsulun satış qiymətinin müəyyənləşdirilməsi, keyfiyyətinin qiymətləndirilməsi və məhsula görə ödənişin həyata keçirilməsi qaydalarının qanunla tənzimlənməsi təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.
Eyni zamanda, suvarma suyunun bölgüsündə şəffaflığın təmin edilməsi və kiçik fermerlərin suya çıxış imkanlarının qorunması vacib sayılır.
Onun sözlərinə görə, fermer torpağı şumlayır, məhsul əkir, borca girir və təbiətin yaratdığı risklərlə üzləşir. Lakin məhsul yetişdikdən sonra onun satış qiymətini çox vaxt fermer deyil, alıcı müəyyən edir.
Deputat bildirib ki, bəzi hallarda məhsulu alan şirkətlər qiyməti aşağı salır, ödənişi gecikdirir və nəticədə fermer çətin vəziyyətə düşür. Çünki kənd təsərrüfatı məhsulunu uzun müddət saxlamaq mümkün olmur, fermerin isə ailəsini dolandırmaq və borclarını ödəmək öhdəlikləri var.
R. Nurullayev fermerlə alıcı arasında müqavilə münasibətlərinin hüquqi təminatlarının gücləndirilməsini təklif edib. Onun fikrincə, məhsulun qiymətinin hesablanması, keyfiyyətinin qiymətləndirilməsi və ödəniş müddətləri şəffaf şəkildə müəyyənləşdirilməlidir. Bununla da fermerin alıcı qarşısında hüquqsuz və asılı vəziyyətdə qalmasının qarşısı alınmalıdır.
Deputat aqrar sahədə digər mühüm problemin suvarma suyunun bölgüsü ilə bağlı olduğunu da vurğulayıb.
O qeyd edib ki, "Aqrar sahə haqqında" qanun layihəsinin müvafiq maddəsində sudan səmərəli istifadə ilə bağlı mühüm müddəalar nəzərdə tutulsa da, praktikada suvarma imkanları bütün fermerlər üçün eyni deyil.
"Bir ərazidə yüzlərlə hektar torpaq suvarıldığı halda, başqa bir ərazidə fermer əkdiyi sahəyə su tapa bilmir. Arxın əvvəlində olan su götürür, sonunda olan isə yağış gözləməli olur", – deputat bildirib.
Onun sözlərinə görə, bu vəziyyət təkcə su çatışmazlığı ilə deyil, mövcud su ehtiyatlarının ədalətli bölüşdürülməsi ilə də bağlıdır.
R. Nurullayev su ehtiyatlarının artırılması ilə yanaşı, mövcud suyun kimə, nə vaxt və hansı həcmdə verilməsinə də nəzarətin gücləndirilməsini təklif edib. O, suvarma suyunun bölgüsü üzrə açıq və şəffaf uçot sisteminin yaradılmasını, suvarma qrafiklərinin ictimaiyyətə açıqlanmasını və bölgü prosesinə ictimai nəzarətin təmin edilməsini vacib sayıb.
Deputat hesab edir ki, kiçik fermerlərin suya çıxış imkanları iri təsərrüfatların maraqları qarşısında müdafiəsiz qalmamalıdır.