Tarixçi: "Azərbaycandakı qırğınların təşkilatçısı çar Rusiyası, icraçısı isə ermənilər olub"

Analitika
  • 25 fevral, 2022
  • 08:15
Tarixçi: Azərbaycandakı qırğınların təşkilatçısı çar Rusiyası, icraçısı isə ermənilər olub

“Türklər və ermənilər arasında qarşıdurmanın köklərini bəziləri haqsız yerə bu xalqların bir-birinə etnik və ya dini dözümsüzlüyü ilə əlaqələndirməyə cəhd göstərir. Bu, kökündən yanlışdır. Tarixin bütün dövrlərində, demək olar ki, xilafətin dağılmasından 1923-cü ilədək, bugünkü İran ərazisi və Qafqazın böyük hissəsi türk xalqlarının yaratdığı dövlətin tərkibində olub. Ermənilər də bu müddətdə, xüsusilə Kilikiyadan 1441-ci ildə Qaraqoyunlu dövlətinin ərazisinə köçürüldükdən sonra, o cümlədən Səfəvi İmperatorluğu dönəmində bu ərazidə heç bir ayrı-seçkiliyə məruz qalmadan dini özünəməxsusluqlarını, milli-mədəni xüsusiyyətlərini qoruyub saxlamaqla inkişaf etdiriblər. Lakin çar Rusiyasının Qafqaza sahib olmaq siyasəti reallaşmağa başlayanda ermənilərlə türklər arasında qarşıdurma güclənib. Bunun da kökü çar Rusiyasının işğalçılıq siyasətinə dayanır”.

Bunu “Report”a müsahibəsində tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətini şərh edərkən söyləyib.

Tarixçinin sözlərinə görə, Birinci Pyotrun bu cəhətdən göstərdiyi fəaliyyət xüsusilə vurğulanmalıdır: “Təbii ki, çar Rusiyası Qafqazda müsəlman-türk dünyası arasında xristian qovşağı yaratmaq məqsədilə ermənilərdən istifadə etmək qərarına gəlib. Ermənilərin də özünə dövlət yaratmaq istəyi rusların bu niyyəti ilə üst-üstə düşüb. Məlumdur ki, ermənilər 1885-ci ildə “Qnçak”,1890-cı ildə Daşnaksütun Partiyasını yaradıblar. Bu partiyalar öz qarşısına Güney və Şimali Azərbaycan əraziləri ilə yanaşı Osmanlı İmperatorluğunun 6 vilayətini əhatə edən torpaqlarda erməni dövləti yaradılması ideyasını ortaya qoymuşdu. Bu işdə onları həm çar Rusiyası, həm də Osmanlı imperiyasını zəiflətmək istəyən Avropa ölkələrinin xüsusi maraqları var idi. Ermənilərin bu ideyasının reallaşmasında onları birləşdirən qriqoriyan kilsəsinin rolu ayrıca qeyd olunmalıdır. Ona görə də ermənilərin müsəlmanlara, türklərə qarşı düşmən münasibəti bəsləyən dünyagörüşünün formalaşmasında daşnaklarla yanaşı onların kilsəsinin də rolu vurğulanmalıdır”.

B.Əziz bildirib ki, XX əsrin əvvəlində Yaponiya ilə müharibədə Rusiyanın məğlubiyyəti vəziyyəti xeyli pisləşdirib.Belə bir vaxtda əsarət altına alınmış xalqlar müstəmləkə rejiminə qarşı azadlıq mübarizəsinə başlamaq istiqamətində fəaliyyət göstərməyə başladılar.Bu çarizmi ciddi narahat etdiyindən onun genişlənməsinə yol verməmək üçün müxtəlif hiyləgər,qanlı tədbirlər həyata keçirməyə başladılar:

“Belə bir vəziyyətdə Rusiya hakimiyyəti “parçala – hökm sür” prinsipi ilə ermənilərdən istifadə etdi. Burada çar Rusiyasının məqsədi birincisi hər iki xalqı – həm azərbaycan türklərini, həm də erməniləri milli mücadilədən uzaqlaşdırmaq, hər ikisini özündən asılı vəziyyətə salmaq idi. Bu qırğının əsas təşkilatçısı çar Rusiyası, icraçısı isə ermənilər olub. Ermənilərin də məqsədi Azərbaycan türklərini məhv etmək, onların torpaqlarını ələ keçirərək orada erməni dövləti yaratmaqdan ibarət idi. Lakin həmin dövrdə xalqımız bununla barışmadı. Ziyalılar, o cümlədən Difai Partiyasının rəhbəri Əhməd bəy Ağaoğlu ermənilərin bu qanlı əməllərinə qarşı qətiyyətli addımlar atdılar. ”Əgər daşnaklar köhnə qaydada fəaliyyətlərini davam etdirib, müsəlmanlara xaincəsinə hücum edərsə, onlar amansız cavab zərbəsinə məruz qalacaqlar. Çünki “Difai” partiyası bizim millətin yerlə-yeksan edilmiş, yandırılıb xaraba qoyulmuş yurdunda ermənilərin özlərinə rifah yaratmasına qətiyyən yol verməyəcək”.

Alimin fikrincə, çar Rusiyası bu qırğının geniş miqyas almasını,onun üçün böyük təhlükə törətməyə başlamasını, hətta beynəlmiləlləşməsini, yəni Qacar dövlətində və Osmanlıda böyük əks-səda doğurmasını, azərbaycanlıların silahlanıb təşkilat yaratdıqlarını və s.əsas görərək 1906-cı ilin fevralında Tiflisdə barışıq qurultayı keçirmək məcburiyyətində qalıb: “Maraqlıdır ki, həmin qurultayda çıxış edən Qafqazın canişini Vorontsov-Daşkov bildirirdi ki, indi günahkar axtarmaq yox, qırğından əvvəlki kimi yaşamağa necə nail olmağın yollarını tapmaq zamanıdır. Çünki başa düşürdü ki, günahkar axtarılarsa, bunun kökü çarlığın dövlət orqanlarına gedib çıxacaq.

1917-ci ilin fevralında çarizm devrildikdən sonra Azərbaycan milli hərəkatında yeni bir dövr başladı. Bu dövrdə milli idealın gerçəkləşməsi uğrunda böyük mücadilə aparıldı.Hərəkat keyfiyyətcə yeni bir mərhələyə keçdi. Müvəqqəti hökumət, bunun ardınca bolşevik Rusiyası bunun qarşısını almaq üçün əlindən gələni etdi. Onlar ermənilərdən istifadə edərək xalqımıza qarşı soyqırım həyata keçirməyə başladılar.

Birmənalı şəkildə deyə bilərik ki, istər 1905-1907-ci, istər 1917-1918-ci, istərsə də sonrakı illərdə qırğınların əsas təşkilatçısı çar və sovet Rusiyası olub. Bütün hallarda onların başlıca məqsədi xalqımızın milli dövləti qurmaq uğrunda mübarizəsindən döndərmək, buna mane olmaq olub. Bu məsələdə Rusiyada hakimiyyətə gələn bolşeviklər də ermənilərdən istifadə etmək qərarına gəldilər. Bu mənada qeyd edə bilərik ki, o dövrdə həm təşkilatçıların, həm də icraçıların məqsədləri üst-üstə düşüb”.

B.Əzizin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yarananadək bölgədə olduqca qorxunc vəziyyət yaranmışdı: “1918-ci ilin mart ayında bu qırğınlar pik həddə çatmışdı. Qısa müddət ərzində təkcə Bakı şəhərində 15 mindən çox insan məhv edilmişdi. Qeyd etmək lazımdır ki, bu qətliamlar sadəcə Bakıda deyil, həmçinin Quba, Şamaxı, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, hətta Güney Azərbaycanın Təbriz, Urmiya, Xoy və Maku və s. ərazilərində də həyata keçirilmişdi. Bu qırğınlar vasitəsi ilə düşmənlər həm də Azərbaycan türkləri ilə Osmanlı türklərinin yaxınlaşmasına əngəl olmaq məqsədini güdürdü. O dövrdə istər Güneydə, istərsə də Quzeydə xalqımızı bu bəladan qurtaran da Osmanlı qoşunları olub.

Yeri gəlmişkən, bu soyqırım “mart soyqırımı” olaraq tanınsa da, lakin ermənilərin törətdiyi vəhşilik yalnız həmin ayda baş verməyib. Kütləvi qətliamlar Müvəqqəti hökumətin, xüsusən bolşeviklərin hakimiyyətə gəlməsindən Azərbaycan Cümhuriyyəti qurulanadək davam edib. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin rəhbərliyi bu hadisələrdə günahsız yerə öldürülənlərin xatirəsini əbədiləşmək məqsədilə qətliamların Bakıda daha da geniş miqyas aldığı 30, 31 mart və 1 aprel tarixlərini rəhbər tutaraq martın 31-ni Soyqırımı Günü kimi qeyd olunması haqqında qərar qəbul edib.

Beləliklə, ilk dəfə 1919-cu ildə Şimali Azərbaycanda soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün tədbirlər keçirilib. Cümhuriyyət hökuməti hələ 1918-ci ilin iyununda xalqımıza qarşı bu qətliamlarda iştirak etmiş şəxsləri cəzalandırmaq üçün Xəlil bəy Xasməmmədovun rəhbərliyi altında Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Həmin komissiyanın tərkibinə sadəcə azərbaycanlılar deyil, həmçinin polyak, rus, yəhudi və digər millətlərin nümayəndələri daxil edilmişdi. Bu təhqiqat nəticəsində/, təxminən, 36 cilddən ibarət 3 500 səhifədən çox material toplanıb, 102 şəkil əldə edilib. Yeri gəlmişkən, həmin materialların bir qismi,daha doğrusu 6 cild və 95 şəkil dünya ictimaiyyətinə çatdırılması üçün Paris konfransında iştirak edən Əlimərdan bəy Topçubaşıya göndərilib. Onlar bu materiallardan istifadə edərək əsl həqiqəti dünya ictimaiyyətinə və böyük dövlətlərin nümayəndələrinə bildirməli idilər. Həmin dövrdə Parisdə konfransda iştirak edən ermənilər onlara qarşı soyqırımı törədildiyi haqqında əsassız iddialar qaldırır, mətbuatda hay-həşir qoparırdılar. Halbuki qətliamları xalqımıza qarşı törədən onlar özləri olublar”.

Alim qeyd edib ki, məlum səbəblərdən Azərbaycan Cümhuriyyəti qırğınlar törədən, günahı sübuta yetirilən 194 erməniyə qarşı cəza tədbirlərini sona çatdırıla bilməyib. Belə ki, cümhuriyyətin süqutundan sonra yaranan bolşevik hakimiyyəti həmin cəlladları nəinki cəzalandırmadı, əksinə Azərbaycanın özündə onların bir qisminin adına küçə verib onları” qəhrəmanlaşdırdı”:

“Məlumdur ki, Bakıda qətlə yetirilənlər Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanı – “Report”) dəfn olunmuşdu. Ən dəhşətlisi,əxlaqsızlığın böyüyü odur ki, bolşeviklər sonradan həmin qəbiristanlığı yerlə yeksan edərək onun yerində park salmış, adını da Xalqlar dostluğu qoymuşdular.

Qeyd edim ki, xalqımıza qarşı törədilən qırğınlar,deportasiyalar cümhuriyyətin süqutundan sonra yaranan işğalçı sovet hakimiyyəti dövründə daha geniş formada davam edib. SSRİ-nin mövcud olduğu müxtəlif dövrlərdə - istər İkinci Dünya müharibəsindən öncə, istərsə də sonra sovet rəhbərliyinə arxalanan ermənilər müxtəlif yollarla xalqımıza qarşı soyqırım və deportasiya siyasətini davam etdiriblər. Bunun həmin dövrdə ən pik nöqtəsi 1947-1953-cü illərə təsadüf edir. Qədim torpağımız olan Qərbi Azərbaycandan türk əhalisinin deportasiya edilərək sürgün edilməsi insanların müxtəlif səbəblərdən həlak olması, öldürülməsi ilə nəticələnib. 1960-cı illərdə bu qarşıdurma latent xarakter daşımağa başlayıb. Ümumiyyətlə, baş verənlər ayrı-ayrı erməni millətçilərinin impulsiv hərəkətləri deyildi, bu qarşıdurma məqsədyönlü şəkildə aparılırdı və idarəolunan səviyyədə idi”.

Azərbaycanlılara qarşı soyqırımı siyasətinin növbəti mərhələsinin 1980-ci illərin ikinci yarısında başladığını vurğulayan Boran Əziz bunun bir sıra səbəbləri olduğunu bildirib: “Əvvəla, 1985-ci ildə Daşnaksütun Partiyasının Yunanıstanın paytaxtı Afinada keçirilən qurultayında Qarabağ və Naxçıvanın ələ keçirilməsi üçün yeni şəraitin meydana gəldiyi bildirilib, bunun üçün konkret vəzifə və məsələlər müəyyənləşdirilib.

Digər tərəfdən, Mixail Qorbaçovun hakimiyyətə gəlməsi və onun ermənipərəst siyasəti yürütməsi daşnakları daha da ruhlandırıb. Apardığım araşdırmalar, əldə etdiyim materiallar və onların müqayisəli təhlili göstərir ki, 1980-ci illərdən sonra Dağlıq Qarabağ problemi və onun kulminasiya nöqtəsi sayılan Xocalı soyqırımı Rusiyanın bütövlükdə Şərq siyasətinin, o cümlədən bu siyasətdə aparıcı xətt olan türk dünyasına qarşı siyasətinin tərkib hissəsi olub. Rusiya həmin dövrdə yenidən Azərbaycanın öz azadlığı uğrunda mübarizə apardığını görüb buna yol verməmək üçün erməni kartından istifadə edib və Qarabağı ermənilərə vermək vədi ilə onları silahlandıraraq azərbaycanlıların yaşadığı məntəqələrin üzərinə göndərib.

Beləliklə, soydaşlarımız indiki Ermənistan ərazisindəki 185 azərbaycanlı kəndindən, yəni bütün qədim yaşayış məntəqələrindən, həmçinin Azərbaycanın Qarabağ bölgəsindən didərgin salınıb. Əlbəttə, Xocalı faciəsi bunların içində ayrıca yer tutur. Apardığımız araşdırmalar, gəldiyimiz qənaətlərə görə, Xocalı soyqırımı müstəqillik uğrunda mübarizə aparan, müstəqillik istəyən Azərbaycan xalqını cəzalandırmaq üçün törədilib. Bu qırğının icraçıları erməni silahlıları ilə yanaşı, o dövrdə Rusiyaya məxsus olan, Xankəndidəki 366-cı alayın əsgər və zabitləri olub. Xocalı soyqırımından danışarkən bildirməliyik ki, nə qədər paradoksal görünsə də burada həm də böyük dövlətlərin də iştirakına rast gəlmək mümkündür. Böyük dövlətlər o dövrdə dünyanı qorxu altında saxlayan “şər imperiyası” olan SSRİ-ni məhv etməyin yeganə yolunun millətlərarası münaqişənin olduğunu yaxşı anlayırdılar. Bu səbəbdən onlar ümumən SSRİ-də etnik münaqişə ocaqlarının alovlanmasında maraqlı olublar. Bu məsələdə onların köməyinə gələn xaricdə yaşayan ermənilər, erməni diasporu oldu. Onlar bir növ dayaq rolunu oynadılar. Həmin dövrdə ermənilər separatizm, işğalçılıq siyasəti ilə kifayətlənməmiş, müxtəlif yerlərdə, dinc insanların çox toplaşdığı mədəniyyət ocaqlarında, iaşə obyektlərində, ictimai nəqliyyat vasitələrində xalqımıza qarşı terror aktları da törətmişlər”.

Tarixçi bildirib ki, 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində Azərbaycanda baş verən hadisələr Qərbdə yanlış təqdim olunurdu: “1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistana verilməsi haqqında qərar verən ermənilər ABŞ və qərbdə Sovet İmperiyasına, Kommunist Partiyasının hökmranlığına qarşı mücadilə aparan demokratlar, mübariz toplum kimi təqdim edilməyə başlandı. Lakin həmin dövrdə öz ərazi bütövlüyünün, əhalisinin təhlükəsizliyinin təmin edilməsinə çalışan, bunu sovet rəhbərliyindən tələb edən Azərbaycan xalqı isə ABŞ-da və bəzi qərb ölkələrində geridə qalmış, islam fundamentalist dünyagörüşünə malik cəmiyyət olaraq təqdim edildi. Nəticədə xalqımız belə informasiya nəticəsində qeyri-bərabər duruma düşdü.Həmçinin bütün dünyanın qorxduğu SSRİ hakimiyyətini müdafiə edən xalq olaraq təqdim olunub. Beləliklə, xalqımız bu iki nəhəng qüvvənin arasında qaldı.

Xocalı soyqırımı birdən-birə baş verməmişdi. Ermənilər bundan əvvəl bir neçə nisbətən kiçik miqyaslı qırğınlar törətmişdilər. Meşəlidə, Xocavənddə, Malıbəyli və Quşçular kəndlərində, ən əsası fevralın 17-də Qaradağlıda həyata keçirilən qırğını xüsusilə qeyd etməliyik. Təəssüf ki, bu faciələri dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilməmişik.

Belə qırğınlardan sonra da Azərbaycan xalqı Rusiyadan ayrılaraq müstəqil olmaq, azad dünya ilə birləşmək və öz müqəddəratının sahibi olmaq istəyindən geri çəkilmədi, ona görə də Rusiya Azərbaycan xalqını daha geniş soyqırımı törətməklə cəzalandırmaq istədi. Bu da Xocalı soyqırımına gətirib çıxardı. Təsəvvür edin ki, Xocalı soyqırımından bir gün əvvəl 366-cı alayın rəhbəri olan polkovnik Yuri Zarviqarova general rütbəsi verilmişdi. Bundan başqa, soyqırımın təşkilatçıları Xocalı faciəsini “işıqlandırmaq” üçün Xankəndinə dünyanın 32 ölkəsindən 47 erməni jurnalist gətirmişdilər. Onların bir qismi general Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah məskənlərindən hadisələri izləmiş,qeydlər götürmüş, bəziləri də operativ çəkilişlər aparmışdılar. Dağılmış, viranə qalmışyerləri dünyaya göstərir və acı təəssüflə qeyd edirdilər: Azərbaycanlılar günahsız erməniləri qırırlar. Beləliklə, hadisələr elə təşkil edilmişdi ki, xaricdən dəvət edilmiş jurnalistlər Xocalıda qətlə yetirilən azərbaycanlı sakinləri dünya ictimaiyyətinə erməni kimi təqdim etməyə cəhd etmişdilər. Belə saxta təbliğat işlər xüsusilə Fransa və digər yerlərdə daha geniş aparılmışdı”.

B.Əziz Qarabağda kütləvi qətliamlarda iştirak edən ermənilərin Fransa, Livan, Suriya kökənli olmasına da diqqət çəkib: “Vurğulamaq lazımdır ki, Fransa, Livan, Suriyada yetişdirilən terrorçular – bura Monte Melkonyan, Aşin Simonyan,Vazgen Sislyan, Suren Paşayan və s. daxildir – Xocalı soyqırımında fəal iştirak ediblər. Onlar həmçinin müxtəlif ölkələrdə türkiyəli diplomatlara qarşı terror aktlarının icraçısı olublar. Yeri gəlmişkən, terrorçu Monte Melkonyan zərərsizləşdiriləndən sonra ona Ermənistanda milli qəhrəman adı verilib. Bütün bunlar göstərir ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasət sadəcə Ermənistan ermənilərinin əli ilə deyil, həmçinin dünya ermənilərinin böyük mənəvi, hərbi dəstəyi ilə olub. Bundan başqa, azərbaycanlılara qarşı qırğınlar törətmiş şəxslər Ermənistanın rəhbərliyində ən yüksək vəzifələrdə təmsil olunublar. Buna misal kimi Serj Sarqsyanı, Robert Köçəryanı, Vazgen Sarkisyanı, Seyran Ohanyanı və digərlərini göstərmək olar”.

Onun sözlərinə görə, ermənilər sadəcə xalqımıza qarşı qırğınlarla kifayətlənməyib, həmçinin tarixi abidələrimizə qarşı vandalizm aktları törədiblər, onları məhv etməklə məşğul olublar: “Ermənilər həmin qədimi abidələrimizi məhv etməklə həm də bəşəri cinayətə imza atıblar. Düşünürəm ki, dünya ictimaiyyəti erməni faşizminə göz yummaqla onların bu əməlləri davam etdirməsinə şərait yaradır. Lakin 44 günlük Vətən müharibəsindən sonra ermənilərin torpaqlarımızdakı ağalığına, tarixi abidələrimizin vandalizmə uğramasına son qoyuldu, Müzəffər Azərbaycan Ordusu onların dərsini verdi. Ümid edirəm ki, gələcəkdə Xocalı soyqırımı günlərini qətliamın törədildiyi ərazilərdə keçirərik”.